“Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar öz işinə başlayıb
Noyabrın 25-də MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Milli İncəsənət Muzeyində “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar öz işinə başlayıb. Seminarın ilk günü Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova “Sərhədsiz muzey” mövzusunda çıxış edib. Ş.Məlikova öz çıxışında Azərbaycanda hər bir vətəndaşın, o cümlədən əlilliyi olan şəxslərin sosial rifah halının təmin edilməsi üçün dövlət səviyyəsində görülən işlər barədə məlumat verib. Azərbaycan Milli Xalça Muzeyinin də dövlətin apardığı bu siyasətin davamı kimi sağlamlığı məhdud insanlar üçün inklüziv layihə və proqramları uğurla həyata keçirdiyini vurğulayıb: “Azərbaycan Milli Xalça Muzeyi hər kəs üçün, o cümlədən məhdud fiziki imkanlı insanlar üçün dinamik, daim dəyişən təhsil mərkəzinə çevrilib. Biz bu sahədə təcrübəmizi digər Azərbaycan muzeyləri, o cümlədən xarici ölkələrin muzey və qalereyaları ilə bölüşməyə hazırıq”. Şirin xanım Azərbaycan Milli Xalça Muzeyinin ölkəmizdə inklüziv proqramların uğurlu tətbiqi və icrası üzrə ən aparıcı muzey kimi fəaliyyətinin beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirildiyini də diqqətə çatdırdı.