Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində muzeyin zərgərlik kolleksiyasında qorunan eksponatların konservasiyası üzrə treninq keçirilib.
Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində muzeyin zərgərlik kolleksiyasında qorunan eksponatların konservasiyası üzrə treninq keçirilib. Treninq bu sahədə yeni kadrların hazırlanması, muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılması məqsədi ilə təşkil olunub. Tədbir UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə baş tutub. Treninqi Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Dövlət Ermitajı Muzeyinin Qiymətli metalların elmi bərpa laboratoriyasının müdiri İqor Malkiel keçib. O, iştirakçılarla birgə zərgərlik və bədii metal kolleksiyalarında qorunan eksponatlarla tanış olub, eyni zamanda onların düzgün saxlanılması və konservasiya üsullarını müzakirə edib. İqor Malkiel treninq müddətində üçölçülü virtual bərpa, “ZEİSS” şirkətinin optik mikroskopiya təchizatı, Dövlət Ermitajı Muzeyinin Qiymətli metalların elmi bərpa laboratoriyasında istifadə olunan elektron bərpa avadanlıqları, moğolların “kundan” zərgərlik texnikasında hazırlanan eksponatların tədqiqatı mövzularında danışıb, qarşılıqlı fikir mübadiləsi aparıb.
Sonda iştirakçılar sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyi “Azərbaycanın mədəni sərvəti” layihəsini 2016-cı ildən etibarən UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə uğurla həyata keçirir. Layihənin məqsədi unudulmaqda olan qədim xalq sənətkarlıq növlərini - bədii tikmə, xovsuz xalça, misgərlik, zərgərlik, dulusçuluq və digərlərini dirçəltmək, onlara yeni həyat verməkdir. Layihə çərçivəsində Almaniya, Rusiya, Qazaxıstan, Qırğızıstan, Qətər və Özbəkistandan gələn mütəxəssislər seminar və treninqlərdə öz nəzəri və praktiki biliklərini bölüşürlər, iştirakçılarla fikir mübadiləsi aparırlar. Dörd il ərzində treninq və seminarlarda ümumilikdə 90 nəfər iştirak edib.