Parisdə YUNESKO-nun baş qərargahında “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgi açılıb
Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Fransadakı səfirliyi və ölkəmizin YUNESKO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgi keçirilir. Sərgi YUNESKO-nun baş qərargahında 29 yanvar – 4 fevral 2020-ci il tarixlərində nümayiş olunur.
Sərgi Azərbaycan xalça sənətinin YUNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin on illiyi və “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinə həsr edilib. Bu baxımdan Şəki xalçalarının burada nümayişi böyük əhəmiyyət daşıyır.
Sərgidə xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayılzadənin müəllifi olduğu yeni Şəki xalça qrupuna aid 13 ədəd xalça eskizi, onlar əsasında toxunan xalçalar və texniki rəsmlər təqdim edilir. Şəki qrupuna aid xalçaları yaradarkən müəllif E.Mikayılzadə Şəki Xan Sarayı və Şəkixanovlar evindəki divar rəsmləri və şəbəkələrdən bəhrələnmişdir. Burada layihənin hazırlanması haqqında film də nümayiş olunur.
Layihənin kuratorları – Heydər Əliyev Fondunun eksperti Emin Məmmədov və Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovadır.
Sərginin açılışında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, YUNESKO baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Erneste Ottone Ramirez, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransanın Azərbaycan Respublikasındakı səfiri Zaxari Qross, YUNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Fransada akkreditə olunmuş səfirlər, YUNESKO-dakı missiyaların rəhbərləri, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Sərgi ilk dəfə 2019-cu ildə Heydər Əliyev Fondunun Kann şəhərində keçirdiyi Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim edilib və bu il ərzində onun bir çox fransız şəhərlərində nümayişi nəzərdə tutulur.
Xüsusilə qeyd edək ki, Heydər Əliyev Fondu və YUNESKO Azərbaycan xalça sənətini diqqət mərkəzində saxlayır, daim dəstəkləyir və bu sahədə bir çox layihələri həyata keçirir.