Azərbaycan Milli Xalça Muzeyində daun sindromlu gənclərin iştirakı ilə tədbir keçirilib
Azərbaycan Milli Xalça Muzeyində 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Biz birlikdə güclüyük” adlı tədbir keçirilib. Tədbir Daun Sindromlu Şəxslərin Reablitasiya Mərkəzindən dəvət olunan gənclərin iştirakı ilə baş tutub. Daun sindromlu gənclərin cəmiyyətə inteqrasiyası və onların maraqlı, əyləncəli zaman keçirməsi məqsədilə təşkil edilən tədbirdə qonaqlara öncə muzeyin Uşaq şöbəsinin əməkdaşlarının iştirakı ilə tamaşa göstərilib. Tamaşa bitdikdən sonra tədbir iştirakçıları birlikdə rəqs ediblər. Muzeyin sərgi zalında daun sindromlu istedadlı gənclərin əl işlərini əks etdirən videoslayd da nümayiş olunub. Sonra muzeyin ekspozisiyası ilə tanış olan gənclərə xalqımızın mədəni sərvəti sayılan Azərbaycan xalçası barədə məlumat verilib.
Daha sonra daun sindromlu gənclər üçün çətən, şəddə toxuma, xalça ornamentlərini rəngləmə və s. üzrə ustad dərsləri keçilib. Sonda Azərbaycan Gəncləri Gününə həsr olunan tədbirin iştirakçıları xoş təəssüratlarını bölüşüblər.