Azərbaycan Milli Xalça Muzeyində “Afaq Kərimova yaradıcılığında süjetli xalçalar” mövzusunda mühazirə keçirilib.

Mühazirədə Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı, xalça sənəti üzrə mütəxəssislər, xalçaçılar, tələbələr və bu sahəyə marağı olan şəxslər iştirak edib.
Azərbaycan mədəniyyət tarixində xüsusi yeri olan şəxsiyyətlərə həsr olunmuş süjetli xalçaların müəllifi, xalçaçı-rəssam Afaq Kərimovanın mühazirəsi qonaqlar tərəfindən xüsusi maraqla dinlənilib. O, çıxışı zamanı müxtəlif dövrlərdə yaratdığı “Dədə-Qorqud”, “Nizami”, “Məhsəti Gəncəvi”, “Füzuli-500”, “Vazeh”, “Hüseyn Cavid”, “Sənsiz”, “Natəvan”, “Səməd Vurgun”, “60-cılar”, “Ziyalı” və digər süjetli xalçaları barədə ətraflı məlumat verib. A.Kərimova sonda dinləyicilərin suallarını da cavablandırıb.