Azərbaycan Milli Xalça Muzeyində Xocalı soyqırımı qurbanları anılıb

Bəşəriyyət tarixinin ən qanlı hadisələrindən olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Milli Xalça Muzeyinin kollektivi faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Sonra muzeydə “Xocalı – Azərbaycanın qara tarixinin qanlı səhifəsi” mövzusunda mühazirə keçirilib. Tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Muzeyin Şuşa filialının müdiri Əlisəfa Nuriyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən vəhşiliklə törədilən faciədə 613 nəfər günahsız insanın xüsusi amansızlıqla, işgəncələrlə öldürüldüyünü, minlərlə əhalisi olan bütöv bir rayonun yerlə yeksan edildiyini vurğulayıb. Erməni işğalçılarının nəinki torpaqlarımızı, milli-mədəni nümunələrimizi də mənimsədiklərini, beynəlxalq aləmdə onları özlərininki kimi təqdim etdiklərini bildirib. O, ermənilərin bu mənfur siyasətinin qarşısının alındığını, Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti nəticəsində böyük işlər görüldüyünü diqqətə çatdırıb. Xocalı əhalisinin öz doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini ifadə edib. Ə.Nuriyev çıxışının sonunda anım tədbirlərinin keçirilməsində məqsədin xalqımızın başına gətirilən faciəni gələcək nəsillərin yaddaşına köçürmək və onlara mübarizlik əzmini aşılamaq olduğunu deyib.
Daha sonra tədbir iştirakçılarına Xocalı faciəsinə həsr edilmiş qısa film göstərilib.
Qeyd edək ki, fevralın 24-dən muzeyin foyesində Əməkdar rəssam Aydın Rəcəbovun müəllifi olduğu və Xocalı faciəsinə canlı şahidlik etmiş toxucuların əl işi olan “Ana fəryadı” adlı xovlu xalça nümayiş etdirilir.