Türkmənistan Prezidenti Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri bu gün Azərbaycan Milli Xalça Muzeyində olub. Ali qonağı muzeyin direktoru Şirin Məlikova qarşılayıb. Şirin xanım muzeyin yaranması tarixi və fəaliyyəti, zəngin milli irsimiz sayılan Azərbaycan xalça sənəti, ornamentlərin semantik mənası, xalça məmulatları, milli tikmə və geyim nümunələri barədə ətraflı məlumat verib. Muzeyin zəngin irsimiz olan xalçaların saxlanc yeri, onların yüksək səviyyədə təqdimatı məkanı olmaqla bərabər, həm də milli xalça sənətinin tədqiq olunduğu elm və mədəniyyət ocağı kimi fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd olunur. Direktor Milli Xalça Muzeyinin ölkəmizin ilk inklüziv muzeyi kimi fəaliyyətini vurğulayıb.
Maddi-mədəni irsimizlə yanaşı Milli Xalça Muzeyinin ən müasir tələblərə cavab verən yeni binası, onun orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu, muzeyin nəşrləri ilə tanışlıq ali qonaqda xoş təəssürat yaradıb.
Prezident Qurbanqulu Berdiməhəmmədov Milli Xalça Muzeyinə türkmən xalçası hədiyyə edib. Türkmənistan Prezidentinə Azərbaycan xalçası hədiyyə olunub.