Ağzı novçalı Yaloylutəpə tipli qab

Əziz dostlar!
 
Bu gün sizə “Çini, şüşə, ağac, kağız” kolleksiyamızdan çox maraqlı görünüşə və funksional təyinata malik olan orijinal bir eksponatımızı təqdim edirik. Alban dövrü keramika nümunələrinin Yaloylutəpə tipli qablarından birinə nəzər salaq. 
 
Antik dövrə aid Yaloylutəpə tipli qablar Qəbələ ərazisindən tapılmışdır. Bu ərazidən kənarda demək olar ki, rast gəlinməyən belə qablar alban keramikasının vizit vərəqi sayılır. Adətən onlar kürəşəkilli korpusa, başlanğıcında torşəkilli arakəsməsi olan novabənzər axara malik olurlar. Tədqiqatçıların fikrincə, axarının ağzında torşəkilli arakəsmənin olması bu qablarda müalicə və ya ritual məqsədlər üçün istifadə edilən otların dəmlənməsi üçün istifadə edildiyini deməyə əsas verir. Üzümçülükdə isə bu torşəkilli arakəsmə  üzümün dənələrinin  qabın içərisinə düşməsinin qarşısını alırdı.
 
Ağzı novçalı Yaloylutəpə tipli qab.
Antik dövr. Gil. İnv. № 1696