Kaşı hissəsi
Dəyərli izləyicilərimiz!
Muzeyimizin “Çini, şüşə, ağac və kağız” kolleksiyasında qorunan XVIII əsrə aid nəfis bir kaşı nümunəsi haqqında məlumatları sizə təqdim edirik.
Orta əsrlərdə Azərbaycanda keramika sənəti geniş yayılmışdır. Keramikadan təkcə məişətdə yox, həmçinin memarlıq abidələrində də geniş istifadə olunurdu. Bu dövrdə memarlıq abidələrinin dekorunda kaşı xüsusi yer tuturdu və abidəyə estetik gözəllik verirdi. Təqdim etdiyimiz kaşı nümunəsinin üzərində miniatür əsərlərindən götürülmüş süjetdə o dövrün libasında olan sevgililərin təsviri verilib. Onlar təbiət qoynundadır və gənc qızın şərab süzdüyü səhnə əsərə xüsusi dinamiklik verir. Obrazların önündə isə şüşə qablar və heyvan təsvirləri öz əksini tapmışdır.
Kaşı hissəsi. Ağsu, Azərbaycan. XVIII əsr.
Çini. Şirə. İnv. № 9475