Tumanlar (ətək) “taxta”

Əziz dostlar!
Yeni həftəyə “Parça, geyim, tikmə” kolleksiyamızla başlayırıq. Xalq düşüncəsində yer alan “Gözəllik ondur, doqquzu dondur” deyimini nəzərə alaraq, sizlərə şux yerişli Azərbaycan xanımlarının gözəlliyinə xüsusi zəriflik və incəlik verən milli geyimlərimizdən bəhs edəcəyik. İlkin olaraq qadın geyimlərinin əsasını təşkil edən tumanlar haqqında məlumatları diqqətinizə çatdırırıq.
Tumanlar (ətək) “taxta” (müəyyən ölçüdə qumaş parça) adlandırılan 10–12 hissə parçadan tikilirdi. Qadınlar adətən, eyni vaxtda bir neçə tuman geyinirdi. Alt və üst tumanlarının arasında geyinilən ətəklər ara tumanı (sayı 1-dən 11-ə qədər) adlanırdı və üst tumandan 10-15sm qısa olurdu. Tumanlar bel yerində xırda büzmələr və ya qırçınlarla büzmələnirdi. Tumanların bel yerinin kəsiyindən tumanbağı − rəngli ipək saplardan olan əldəqayırma hörmə ip keçirirdilər. Bu ipin hər iki ucu rəngli, qızılı və gümüşü saplardan olan qotazcıqlarla qurtarırdı. Ətəklər müxtəlif parçalardan − çitdən başlayaraq məxmər və tirmə də daxil olmaqla ən bahalı parçalardan tikirdilər. Tumanların ətəyini qızılı və gümüşü krujevalar, bahalı parçadan olan çəpəki incə zehlər, cürbəcür şəridlərlə bəzəyirdilər.