Köynək
Əziz dostlar!
“Parça, geyim, tikmə” kolleksiyamızdan qadın geyimlərinin əsas hissələrindən biri olan köynəklər haqqında məlumatları diqqətinizə çatdırırıq.
Üst qadın geyimləri çiyini tikişsiz və düz biçimə malik üst köynəklərindən ibarət olmuşdur. Düz, uzun və enli qollar birbaşa qol yerinə tikilirdi: bəzən qolların çiyin sərhədində büzmələr qoyurdular. Qoltuq yerinə adətən, başqa rəng parçadan xiştək (qoltuqaltı) tikirdilər. Köynəklər boyunda bir düymə ilə düymələnirdi. Üst köynəyini adətən, ipək, qanovuz və ipək parça növü olan faydan tikirdilər. Köynəyin ətəyi, yaxa kəsiyi və qollarının ağzı sarıma üsulu ilə haşiyələnirdi. Köynəklərin qabaq tərəfinin ətəyinə qızılı və gümüşü piləklər tikirdilər.
Köynək. Şəki. Azərbaycan. XX əsrin əvvəli.
İpək, pambıq. İnv. № 7498