Parça fraqmenti
Əziz dostlar!
Bugündən sizlərə “Parça, geyim, tikmə” kolleksiyamızdan tikmələr haqqında məlumatları təqdim edəcəyik. Yurdumuzun zəngin və əsrarəngiz təbiəti, insanların yüksək zövqü, tükənməz istedadı tikmə sənətinin yaranıb inkişaf etməsini şərtləndirmişdir. Qızlar cehizliklərinin, oğlan anaları isə nişan hazırlığı üçün əsasən tikmə və toxuma üsulundan istifadə edirdilər. XX əsrin əvvəllərinə qədər məişətdə, xüsusilə evlərin interyerində parça və tikmələrdən geniş istifadə olunurdu.
Muzeyimizin kolleksiyasında qorunan ən qədim tikmə nümunəsi XII–XIII əsrlərə aid olub, arxeoloji qazıntılar zamanı Naxçıvan yaxınlığındakı Xaraba Gilan şəhərinin dağıntıları arasında tapılmış tikmə nümunəsidir. Kətan parça hissəsinin saya, şəkəri rəngli yerliyi sadə formada toxunulub və üzərində kalliqrafik təsvirlər yer alır. Tikmədə doldurma üsulundan istifadə edilmişdir. Doldurma üsulu isə öz növbəsində müxtəlif tikişlərlə həyata keçirilir. Təqdim edilən bu tikmədə “su” tikişindən istifadə olunmuşdur.
Parça fraqmenti. Xaraba Gilan, Azərbaycan. XII–XIII əsrlər.
Yun, kətan. Əl işi. İnv. 9281