Yəhərüstü

Dəyərli izləyicilər! 
Sizə “Xalça məmulatları” kolleksiyamızdan növbəti eksponatı-yəhərüstünü təqdim edirik.  
YƏHƏRÜSTÜ
Yəhərüstü Azərbaycanda yəhərin yastığının üstünə salmaq üçün toxunan kiçik ölçülü, oval formalı xovlu xalçadır. Rəngbərəng qotazlarla bəzədilmiş yəhərüstünü əsasən imkanlı insanlar sifarişlə toxutdururdular. Yəhərüstü Azərbaycanın bir çox bölgələrində “yəhər üzü”, “yəhərüzlüyü” və ya “qacarı” adlandırılır. Bu məmulat yəhərin ölçüsünə müvafiq olaraq xırda ölçüdə toxunmaqdan əlavə, həm də onun ön hissəsində yəhərin qaşına keçirilmək üçün balaca yarıq qoyulur, ətraflarından isə saçaqlar sallanırdı. Kolleksiyamızda yer alan XX əsrin əvvəlində Qubada toxunan yəhərüstü üslublaşdırılmış həndəsi və bitki motivləri ilə səciyyələnir. 
 
Yəhərüstü. Quba, Azərbaycan. XX əsrin əvvəli.
Əriş, arğac, xov – yun. İnv. № 5804