Dəvə bəzəyi (cahaz)

Dəyərli izləyicilər!
 
Sizə “Xalça məmulatları” kolleksiyamızdan növbəti eksponatı-cahazı təqdim edirik.
CAHAZ. Bildiyimiz kimi, qədimdə dəvəçilik Azərbaycanın ən çox düzən rayonlarında inkişaf etmiş və dəvə əhalinin əsas nəqliyyat vasitələrindən biri olmuşdur. Bu yaxınlara qədər bayram və el şənliklərində dəvələrin möhtəşəm və təntənəli görünməsi üçün onları başdan ayağa bəzəyirdilər. Həmin bəzək cahaz adlandırılırdı. Dəvə cahazlanarkən əvvəlcə belinə çul qoyulur, çulun yarığı dəvənin hürgücünə keçirilir, onun üstündən kapan hürgücə geydirilir, üstünə cahaz qoyulur, üzərinə örtük sərilir, örkənlə sarınırdı. Dəvə başlığının nadir nümunələrindən bir neçəsi hal-hazırda muzeyimizin kolleksiyasında saxlanılır. XIX əsrin sonu – XX əsrin əvvəllərində Şirvan və Qarabağda toxunmuş bu nümunələr əsasən əlvan rənglərdə olub keçə, parça və cecimdən hazırlanmış, üzəri kauri (balıqqulağı), güzgü və metal hissəciklərlə bəzədilmişdi. Dəvə başlığının bu cür bəzək əşyaları ilə bəzədilməsi inanclarla bağlı olub bəd-nəzərdən, şər qüvvələrdən qorunmaq məqsədini daşıyırdı.
Dəvə bəzəyi (cahaz). Şirvan, Azərbaycan. XX əsrin əvvəli. Yun, at tükü, dəri, şüşə, kauri (balıqqulağı) və s. Dolama, hörmə texnikası. 37x80 sm. İnv. № 3960