Məfrəş
Əziz dostlar!
Yeni həftənin ilk günü sizə “Xalça məmulatları” kolleksiyamızdan növbəti eksponatı-məfrəşi təqdim edirik.
MƏFRƏŞ. Məfrəşlər maldarlıqla məşğul olan insanların gündəlik həyatında geniş istifadə olunaraq zili, kilim, bəzən də xovlu xalça texnikası ilə toxunan, ağzını gözəmək məqsədi ilə ilgəklər tikilmiş təqribən yarım metr hündürlüyündə, 1 metr enində, 1,2 metr uzunluğunda olan bəzəkli məişət əşyasıdır. Formaca hündür sandığa bənzəyir. Yorğan-döşək, paltar və s. saxlamaq, həmçinin onları dağdan arana və ya arandan yaylağa daşımaq üçün çox qədim zamanlardan
istifadə edilir. Dahi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında Xosrovun ov səhnəsində ipəkdən toxunmuş məfrəşlər barəsində məlumat verilmişdir. Köç zamanı ən əhəmiyyətli əşyaların başında gələn məfrəşlər dolu olduğu zaman ağır olur. Ona görə də əsasən böyük
və ən güclü heyvanlara – dəvə, at və qatır kimilərə yüklənir. Ağzı əksər halda cecimlə örtülür, örkənlə atın sağ və sol tərəfinə bağlanılır. Adətən çuvallar kimi, heyvanlara yükləmək asan olsun deyə cüt toxunurdu. Gəlinlərin yataq dəstləri, örtüləri və paltarları məfrəş içinə yerləşdirilərək ər evinə göndərilirdi. Hər ailədə ən az bir cüt olan bu məfrəşlər varlı ailələrdə dörd və daha çox olurdu. Məfrəşlərin bədii tərtibatında stilizə edilmiş heyvan və quş fiqurları, astral və bitki mənşəli motivlər yer alır. Şirvan və Abşeronda toxunan məfrəşlər xüsusi zərifliyi ilə fərqlənir. XIX əsrin sonunda Şirvanda toxunmuş nəfis məfrəş ekspozisiyamızın incilərindən biridir. Məfrəşin bədii tərtibatında işlənən damğa xarakterli naxışlar özlərinin simvolik ifadəsində insan təfəkkürünün şüurüstü sakral qatlarını daşıyır.
Məfrəş. Şirvan, Azərbaycan. XX əsrin əvvəli.
Əriş, arğac – yun, naxış ipi – yun, pambıq.
Keçirtmə, dolama texnikası.
İnv. № 5095