Xurcun
Dəyərli izləyicilər!
Sizə “Xalça məmulatları” kolleksiyamızdan növbəti eksponatı-xurcunu təqdim edirik.
XURCUN. Xurcun məişət əşyası olub, əsasən müxtəlif rəngli yundan, pambıq iplikdən xovsuz
və bəzən də xovlu xalça texnikası ilə toxunur, qotazlarla bəzədilir. İki gözdən və onları birləşdirən ara hissədən ibarət olur. Ağız hissəsinə gözək salınır, gözəyin içərisindən keçən qotazlı bağ dartılarkən xurcunun ağzı bağlanır. Xurcun müxtəlif ölçülərdə olurdu. Çiyin xurcunu adından da məlum olduğu kimi, çiyinə salınan orta ölçülü xurcunlara deyilir. İri ölçülü xurcunlar adətən yük və ya minik heyvanlarının belindən aşırılan, əsasən kənd təsərrüfatı məhsulları və s. daşımaq üçün istifadə olunur. Kolleksiyamızın mükəmməl eksponatlarından biri Qazax qrupuna aid XX əsrin əvvəllərində toxunan, kompozisiyası şaquli şəkildə bir-birinin ardınca sıra ilə düzülən həm totemik, həm də gücqüvvət rəmzi olan buynuz elementlərindən ibarət olan xurcundur. Onun üzü zili, arxa hissəsi isə palaz texnikasında toxunub.
Xurcun. Qazax, Azərbaycan. XX əsrin əvvəli.
Əriş – yun, arğac – yun, pambıq.
Keçirtmə, dolama texnikası.
İnv. № 643