Heybə
Dəyərli izləyicilər!
Sizə “Xalça məmulatları” kolleksiyamızdan növbəti eksponatı-heybəni təqdim edirik.
HEYBƏ.
Heybə kənd və dağlıq rayonların məişətində istifadə edilən, əsasən xovsuz xalça texnikasında toxunan xalça məmulatıdır. Çiyindən, bəzən də atın tərkindən aşırılan heybə
formasına görə xurcuna bənzəyir. Lakin ondan təqribən iki dəfə kiçikdir. Cecimdən tikilmiş növləri və nadir halda xovlu xalça texnikasında da toxunan heybələr də vardır. Heybənin ağız hissəsi bədii tikmə, bafta və s. ilə bəzədilir. Onunla yaxın səfərə çıxarkən xırda əşyalar, azuqə daşınır. Heybənin üzərində xalçaçılıqda işlədilən motivlərin kiçildilmiş, lakin uzaqdan seçilə bilən formaları işlənir. “S” şəkilli, qarmaqlı, həndəsi ornamentli heybələrlə yanaşı, nəbati ornamentliləri də vardır. Onlara misal olaraq, kolleksiyamızda yer alan XX əsrin əvvəlində Bakıda toxunan stilizə olunmuş rəngarəng gül təsvirləri ilə bəzədilmiş yaraşıqlı heybəni göstərmək olar.
Heybə. Bakı, Azərbaycan. XX əsrin əvvəli.
Əriş, arğac – pambıq, naxış ipi – yun, pambıq.
Keçirtmə, dolama texnikası. İnv. № 3807