Sırğa “darağı”. Sırğa “oymağı”. Sırğa “piyaləzəng”
Əziz dostlar!
Bu gün istər keçmişdə, istərsə də müasir dövrümüzdə qadınların ən sevimli bəzək əşyaları olan zinət əşyalarından bəhs edəcəyik. Sizə “Zərgərlik” kolleksiyamızdan XIX-XX əsrlərə aid 3 nadir və eyni zamanda çox gözəl estetik görünüşə malik sırğaları təqdim edirik.
Sırğalar ən çox yayılmış zinət əşyası hesab olunur. Üç hissədən ibarət olan qızıl sırğalar – “darağı” xüsusilə məşhur idi. Bu sırğalar yuxarı hissədə rəngli daşlı, yeddiləçəkli gül formasında olan xonça, ona birləşən halqalar və həmin halqalara taxılan dekorativ elementlərdən ibarət olurdu. İki halqa vasitəsilə bu sırğalara asma taxılırdı və beləliklə, onlar öz forması ilə dekorativ darağı xatırladırdı. Sırğanın adı – “darağı” məhz buradan götürülüb, mənası “daraq kimi” başa düşülür. Bu tip sırğaların sadə formasını “oymağı” adlanan sırğalar təşkil edir. Mina texnikasında hazırlanan yarımkürə şəkilli və formasına görə oymağı xatırladan sırğalar basmaqəlib texnikasında işlənmiş zanbaq təsvirli asmalarla zənginləşdirilmişdir. Ayrı-ayrı müstəqil elementlərdən ibarət çoxhissəli “çətir” və “piyaləzəng” sırğaları da məşhur idi. Belə sırğaları varlı, dəbli xanımlar baş örtüyündən nümayişkarcasına çıxarır və onlar asma silsiləsi ilə az qala çiyinə kimi sallanırdılar.
Sırğa “darağı”. Naxçıvan, Azərbaycan. XX əsrin əvvəli.
Qızıl. Şəbəkə, gavərsə. İnv. № 7868
Sırğa “oymağı”. Azərbaycan. XIX əsr.
Qızıl. Mina. İnv. № 5677
Sırğa “piyaləzəng”. Azərbaycan. XIX əsrin sonu – XX əsrin əvvəli.
Qızıl. Şəbəkə, gavərsə. İnv. № 3044