Xalça “Fəxralı”
Əziz dostlar!
Xalqımızın islam dəyərlərinə böyük sevgi ilə yanaşmasının nəticəsi olaraq dini ayin zamanı istifadə edilən atributlardan biri də namazlıq xalçaları olmuşdur. Muzeyimizin “Xovlu xalçalar” kolleksiyasında orijinal kompozisiyalı namazlıq xalçaları qorunur. İndi sizə namazlıq xalçaları haqqında məlumatları təqdim edirik.
Namazlıq xalçaları
Namazlıq xalça anlayışına ilk dəfə XII-XIII əsrlərə aid mənbələrdə rast gəlinir. İslam dininin Azərbaycanda bərqərar olması ilə namazlıq xalçalarının daha çox toxunulması üçün şərait yaranır.
Asimmetrik quruluşa malik olan namazlıq xalçalarını digər xalçalardan fərqlənməsini mehrab təsviri təşkil edir. Namazlıq xalçalarında rast gəlinən möhür, quran qabı, rəhil, ələm, təsbeh, gülabdan, qəndil, daraq təsvirləri əsas naxışlardır. Namazlıq xalçalarında rast gəlinən kitabələrdə Quran ayələri, müqəddəs kəlamlar, xalçanın toxunma tarixi və ya müəllifin adı yazılır.
Namazlıq xalçalarında mehrabın alt hissəsındə olan motivlər əsas xüsusiyyətə malikdirlər. Azərbaycan namazlıqları mehrab daxili sahənin naxışlarına əsasən qruplaşdırılırlar. Namazlıqlar eyni zamanda, mehrabların sxematik quruluşu və formasına görə də təsnifatlandırılır.
“Fəxralı” xalçası
Hicri təqvimi ilə 1342/1924-cü ilə aid və namaz üçün nəzərdə tutulan “Fəxralı” xalçası yüksək bədii xüsusiyyyətləri ilə seçilir. Xalçanı bəzəyən elementlər dini mahiyyət daşıyır. Onun yuxarı hissəsində islam memarlığına xas olan və daxili sıx şəkildə ornamentlərlə bəzədilmiş mehrab təsviri verilib. Fonu qırmızı olan xalçanın mərkəzində təsvir olunan medalyon ona xüsusi gözəllik verir. Medalyonun daxilində gül və qarmaqşəkilli elementlər təsvir edilib, boş qalan yer isə müxtəlif forma və ölçülü elementlərlə doldurulub. Bu xalçanı Gəncə qrupunun ən yüksək keyfiyyətli xalçalarından hesab etmək olar.
Xalça “Fəxralı”. Gəncə, Azərbaycan.
1342-ci il hicri / 1924-cü il.
Əriş, arğac, xov – yun. 113x170 sm.
İnv. № 2456