Xalça “Xilə-Əfşan”

Əziz dostlar!
Sizə muzeyimizin “Xovlu xalçalar” kolleksiyasından orijinal kompozisiyalı “Xilə-Əfşan” xalçasını təqdim edirik.
 
XVIII əsrə aid “Xilə-Əfşan” xalçası o dövr saray xalçalarından biridir və bədii tərtibatı
spiralşəkilli sxemlərin mürəkkəb birləşməsindən təşkil olunmuş “Əfşan” kompozisiyasına əsaslanır. Bu kompozisiyanın quruluşu budaqların aralarında rapport şəklində təkrarlanan üslublaşdırılmış nəbati ornament ilə səciyyələnir. Kənardan mərkəzə doğru görünüşünü dəyişən, spiralların üzərinə nəbati və gül ornamenti “səpələnmişdir”. “Əfşan” sözünün mənası da “səpələyən” deməkdir. Xalça üzərində üzüm yarpağı formasında verilmiş göllər Abşeron zonası üçün xarakterikdir.
 
Xalça “Xilə-Əfşan”.Bakı, Azərbaycan. XVIII əsr.
Əriş, üz ipi – yun, arğac – pambıq.
İnv. № 8247