Xalça “Baxçada güllər”
Əziz dostlar!
Sizə Şuşa filialının gözəl və eyni zamanda maraqlı tarixçəsi olan Qarabağın “Baxçada güllər” xalçası haqqında məlumatları təqdim edirik.
“Baxçada güllər” xalçası Qarabağın işğalı zamanı erməni qəsbkarları tərəfindən talanaraq, sonradan özlərinin milli-mədəni irsi adı altında dünyada təbliğ edilən minlərlə nadir sənət nümunələrimizdən biridir. ABŞ-ın Los-Anceles şəhərində 25 ildən sonra əntiq erməni xalçası kimi hərraca çıxarılan xalça əslən azərbaycanlı Elşad Tahirov tərəfindən alınaraq, 2017-ci ildə Azərbaycana qaytarılmışdır. Bu xalça Qarabağdan aparılaraq dünyanı dolaşsa da vətənə dönən, özündə o torpağın niskilini, ətrini və sevgisini yaşadan cansız, amma olduqca dəyərli əşyadır. Qürbət görən bu xalçanın sirli-sehirli ilmələri bir tarix danışır.
Xalçanın qara rəngli ara sahəsi al-əlvan gül təsvirləri ilə bəzədilib. Üzərində kiril əlifbası ilə Azərbaycan türkcəsində “1 yanvar 1971-ci il. Sərvərə anadan əbədi yadigar, ad günü hədiyyəsi” sözləri yazılıb. Xalçanın haşiyələrində stilizə olunmuş həndəsi və nəbati elementlər verilib. Xalçada əsasən yaşıl, qırmızı, göy, qara, narıncı, palıdı, çəhrayı rənglərdən istifadə olunub.
Ana Vətəninə qovuşan gülüstan rəmzli bu xalça indi digər xalçaların içərisində, milyonlarla ziyarətçinin gözləri önündə Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyasında əsirlikdən qayıtmış ilk eksponat kimi nümayiş etdirilir.
Xalça “Baxçada güllər”. Qarabağ, Azərbaycan.1971-ci il.
Əriş, xov- yun, arğac-pambıq. İnv. 9476