Xalça “Muğan”

Əziz dostlar!
 
Sizlərə erməni vandalizmi nəticəsində keşməkeşli tarixçəsi olan “Muğan” ​ xalçası ilə bağlı məlumatları təqdim edirik.
 
İxtisasca həkim olan Afət Səfərova 2017-ci ildə ailəsinin xatirə əşyası olan xalçanı muzeyimizə hədiyyə etmişdir. Orta əsrlərdən bəri tanınan, Avropa sənətkarlarının rəngkarlıq əsərlərində təsvir olunan bu məşhur kompozisiyanın maraqlı nümunəsi bir neçə dəfə məhv olmaqdan xilas edilib.​ Ermənilərin törətdikləri qırğınlar nəticəsində doğma yurdundan didərgin düşən zaman xalça Afət Səfərovanın ulu babasının ailəsinin daima yanında olmuşdur. Ailə Zəngəzur qəzasının Çullu kəndində yaşayırdı. 1906-cı ildə bu kənd erməni quldur dəstələri tərəfindən tamamilə dağıdılmışdır. 1905-1906-cı illərdə Zəngəzurda baş verən qırğınlar zamanı azərbaycanlıların əksər hissəsi doğma ocaqlarını tərk etmək məcburiyyətində qalır. Afət xanım nənəsinin danışdıqlarını belə xatırlayır: “Uşaqları qucağımıza alıb sürətlə qaçdıq”.​ Uzun illər keçsə də bu xalça Afət xanımın ailəsi üçün ən qiymətli əşya olaraq qalmışdır.​
 
Xalça “Muğan”. Qarabağ, Azərbaycan.​