Azərbaycan Milli Xalça Muzeyi və​ Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Xalçaçı günü” peşə bayramı münasibətilə videokonfrans keçirilib.

Azərbaycan Milli Xalça Muzeyi və​ Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Xalçaçı günü” peşə bayramı münasibətilə videokonfrans keçirilib. “Xalçalarımız dünənimiz, bu günümüz, sabahımız” adlı konfransı mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva açaraq, xalçaçıları peşə bayramı münasibətilə təbrik edib.​ Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən "Xalçaçı günü"nün təsis olunmasının bu sahəyə dövlət səviyyəsində xüsusi diqqətin göstəricisi olduğunu vurğulayıb.​ ​ “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Emin Məmmədov qədim tarixə və zəngin ənənəyə malik xalça sənəti, xalçaçılığın inkişafı istiqamətində görülən işlər barədə danışıb. Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov belə bir konfransın keçirilməsinin əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova rəhbərlik etdiyi muzeyin tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti haqqında çıxış edib. O, muzeyin həyata keçirdiyi uğurlu layihələr, yerli və beynəlxalq əməkdaşlıq əlaqələri, gələcək planlarla bağlı iştirakçılara məlumat verib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov​ yüksək bədii texniki keyfiyyətinə görə fərqlənən, xalqımızın milli sərvəti olan xalçalarımızın növləri, naxış, kompozisiya, rəng həlli və s. xüsusiyyətləri barədə çıxış edib.