“Xalçaçı günü” peşə bayramı münasibətilə “Ənənələrimizi yaşadanlar” adlı tədbir keçirilib.

Mayın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı münasibətilə “Ənənələrimizi yaşadanlar” adlı tədbir keçirilib. Tədbirdə Türkiyə və Mərakeş Krallığının ölkəmizdəki səfirləri Cahid Bağçı və Məhəmməd Adil Embarş, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və tanınmış mədəniyyət xadimləri iştirak edirdi.
Tədbiri Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq əlamətdar gün münasibətilə xalçaçıları təbrik edib. Təqdimatı keçirilən XVIII əsrə aid Qarabağ xalçası haqqında məlumat verən direktor deyib ki, bu xalça təkcə Milli Xalça Muzeyinin deyil, dünya muzeylərinin də yüksək dəyərləndirdiyi sənət əsəridir: "Uzun illər italiyalı kolleksionerin şəxsi kolleksiyasında saxlanılan bu xalçanı əldə etmək və vətənimizə qaytarmaq üçün biz iki ildən artıq müddətdə məqsədyönlü şəkildə çalışmışıq. Nəticədə, bu nadir sənət əsəri azərbaycanlı xeyriyyəçinin dəstəyi ilə xarici kolleksiyadan əldə edilərək muzeyimizə bağışlanıb. Təqdim etdiyimiz xalça həm də ona görə dəyərlidir ki, bu sənət əsəri şanlı Vətən Müharibəsi dövründə doğma vətəninə qayıdıb, rəşadətli qalibiyyətimizin simvoluna çevrilərək gətirilən gündən ekspozisiyada öz layiqli yerini tutub”.​
Şirin xanım bu cür xalçaların vətənə qaytarılması işində göstərdiyi böyük dəstəyə görə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə, xeyriyyəçilərə dərin təşəkkürünü bildirib.​
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ölkəmizdə xalça sənətinin qorunması və inkişafına töhfələr verən xalça ustalarına peşə bayramları münasibətilə nazir Anar Kərimovun təbriklərini çatdırıb. Bildirib ki, xalça Azərbaycanın ən qiymətli mədəni irs nümunələrindən biridir. Azərbaycan xalça sənəti özündə xalqın mənəvi aləmini, estetik dünyagörüşünü, bədii istedadını əks etdirir.
Xalça sənətinin inkişafına dövlət qayğısından söz açan Sevda Məmmədəliyeva vurğuladı ki, ölkəmizdə xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dövlət tərəfindən xüsusi diqqət göstərilir: “Təsadüfi deyil ki, dünyada xalça sənəti üzrə ixtisaslaşmış ilk muzey də məhz Azərbaycanda yaradılıb. 2004-cü ildə “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanun qəbul olunub, həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının icrası ilə əlaqədar əhəmiyyətli işlər görülüb və bu sahədə fəaliyyət uğurla davam etdirilir. Dünya muzeylərində qorunan Azərbaycana aid maddi mədəniyyət nümunələrinə, xüsusilə xalçalara düzgün atribusiyaların verilməsi istiqamətində fəal işlər həyata keçirilir. Xarici şəxsi kolleksiyaçıdan alınan və bu gün burada ilk dəfə nümayiş olunan XVIII əsrə aid nadir Qarabağ xalçası da Vətəninə qayıtmış növbəti xalçadır”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib ki, Azərbaycan Milli Xalça Muzeyi xalçaçılıq sənətinin qorunmasında və təbliğ edilməsində mühüm missiyanı həyata keçirir. Qədim xalçalarımızın xarici ölkələrdən Vətənimizə gətirilməsi istiqamətində diqqətəlayiq işlər görür: “Özəlliklə XVIII əsrə aid Qarabağ xalçasının ölkəmizə qaytarılması, bu hadisənin xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra sərgilənməsi sevindirici haldır. Prezident İlham Əliyev tərəfindən Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan olunub. Yaxın zamanlarda Şuşada Azərbaycan Milli Xalça Muzeyinin filialı açılacaq və Qarabağ xalçaları öz evinə qayıdacaq”.
Qənirə Paşayeva Xalça Muzeyi tərəfindən fiziki imkanları məhdud insanlar üçün hazırlanmış layihədən də söz açıb. Qeyd edib ki, bu layihə sayəsində görmə məhdudiyyətli insanlar da xalçalara toxunaraq onları hiss edə bilirlər.
Tanınmış xalçaçı, Əməkdar mədəniyyət işçisi Zəhra Əliyeva dövlət tərəfindən xalçaçılıq sənətinə göstərilən qayğıdan danışıb. O, bu sənət üzrə çalışdığı üçün qürur hissi keçirdiyini vurğulayıb.
Daha sonra 5 may – “Xalçaçı günü” peşə bayramı münasibətilə xalça sənətinin inkişafına verdiyi töhfəyə görə mədəniyyət nazirinin müvafiq əmri ilə bir qrup xalçaçı-rəssam və toxucu nazirliyin fəxri fərmanı ilə təltif edilib.
Sonda “Nizami Gəncəvi İli” ilə əlaqədar muzeydə toxunan “Bəhram Gur və Dürsəti” xalçasının qədim ənənələrə uyğun dəzgəhdan kəsimi mərasimi olub. Muzeyimizin baş rəssamı, Əməkdar rəssam Taryer Bəşirovun müəllifi olduğu xalça dahi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr edilib. Xalçada ara sahənin mərkəzində ağ günbəzli sarayda Bəhram Gur və yeddinci sarayın gözəli Dürsəti təsvir olunub. Sarayın ətrafında isə Dürsəti tərəfindən nəql edilən hekayədən fraqmentlər verilib. Keyfiyyətli yun və ipəyin qarşığından toxunan xalça xüsusi parlaqlığa malikdir. Xalça yüksək sıxlıqda toxunduğu üçün üzərindəki miniatürlər aydın şəkildə görünür.