Şuşada TÜRKSOY Muzeylər Birliyinin yekun toplantısı keçirilib

“II Türk Dünyası Muzeyləri Görüşü” çərçivəsində keçirilən “Türk dünyasının simvolu – xalça” adlı beynəlxalq konfransın iştirakçıları Şuşa şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumuna qatılıblar.

Burada həmçinin TÜRKSOY Muzeylər Birliyinin yekun toplantısı keçirilib. Tədbir iştirakçıları il ərzində görülən işlər, əldə olunan nailiyyətlər, gələcək planlar haqqında fikir mübadiləsi aparıblar. Türk dövlətlərindən olan muzey rəhbərlərinin birgə razılığı ilə bir sıra təkliflər, o cümlədən TÜRKSOY-un nəzdində Türk Xalça Birliyinin yaradılması ilə bağlı təklif beynəlxalq təşkilatın rəhbərliyinə təqdim edilib. Türk xalqlarının xalça sənətinin elmi tədqiqatının aparılması, təbliği, zəngin xalça kolleksiyalarının gələcək nəsillər üçün qorunub saxlanılması, müasir xalça yaradıcılığının inkişafına dəstək verilməsi məqsədilə bu birliyin yaradılmasının əhəmiyyəti vurğulanıb.

Qonaqlar sonra Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialını ziyarət ediblər. Burada Azərbaycan Milli Xalça Muzeyi ilə Qazaxıstan Muzeylər Birliyi və Ankara Etnoqrafiya Muzeyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Tədbir iştirakçıları mədəni proqram çərçivəsində Şuşa qalası, Cıdır düzü və şəhərin digər tarixi yerlərini ziyarət ediblər.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutan “II Türk Dünyası Muzeyləri Görüşü” öz işini müvəffəqiyyətlə yekunlaşdırıb.

Qeyd edək ki, TÜRKSOY Muzeylər Birliyinin növbəti görüşü 2024-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilən Türkmənistanın Anev şəhərində keçiriləcək. TÜRKSOY Muzeylər Birliyinin dönəm rəhbərliyini isə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovadan təhvil alan Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Dövlət Muzeyinin direktoru Meretgeldi Çarıyev həyata keçirəcək.