Düşənbədə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” sərgisi açılıb
Mayın 20-də Tacikistan Milli Muzeyində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açılıb. Burada Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından XIX əsrdən müasir zamanadək tarixi dövrü əhatə edən xovlu, xovsuz xalçalar, xalça məmulatları, bədii metal, tikmə nümunələri təqdim olunur.
Burada yer alan “Qımıl” kompozisiyalı Quba xalçası ilmələrin sıxlığı, zərif toxunuşu, Şirvana məxsus “Ərciman” xalçası ornamentlərinin zənginliyi, Bakının “Fındığan”, “Zili” kompozisiyalı xovlu və xovsuz xalçaları yumşaqlığı, rəng intensivliyi, bədii zövq orijinallığı və naxış incəliyi ilə seçilir. Qazaxın “Şıxlı”, Qarabağın “Muğan”, “Vərni”, Təbrizin “Ağaclı” kompozisiyalı orijinal xalçaları isə aid olduqları tarixi bölgələrə xas yüksək sənətkarlıq səviyyəsini nümayiş etdirir.
Sərgidə xalçalarla yanaşı, məişətimizdə geniş istifadə edilən xurcun, çul kimi məmulatlar da yer alır. Əsərlərin bəzəyinə çevrilmiş ritmik naxışlar öz semantik məzmunu və rəngarəng forma zənginliyi ilə Azərbaycan incəsənətinin hələ miladdan öncə mövcud olan qədim köklərdən qaynaqlandığını bəlli edir. Şərbət qabı, hamam sandığı, sərpuş, satıl, aftafa-ləyən, dolça kimi misdən hazırlanmış bədii metal məmulatları üzərində döymə və cızma üsulu ilə həkk edilən bəzəklər, dini səciyyəli kolliqrafik yazılar məişət əşyası kimi istifadə olunan bu məmulatların bədii-fəlsəfi tamlığını əks etdirir.
Tanınmış sənətkar Xalidə Nəsirovanın “Azərbaycan III minillikdə”, “İçərişəhər”, “Qütb şəfəqi” və digər dekorativ qurama nümunələri milli ənənəyə sadiqliyi, keçmişlə zəmanəsi arasındakı bağlılığı təcəssüm etdirir.
Azərbaycanın Xalq rəssamı Eldar Mikayılzadənin müəllifi olduğu “Şəbi-hicran”, “Leyli və Məcnun” xalçaları XVI əsr dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından ilhamlanaraq yaradılıb. Kompozisiyanın hər birində Füzuli obrazı timsalında ilahi eşq, bəşəri sevgi təcəssüm olunur. “Leyli və Məcnun” xalçasında həmçinin Azərbaycanın iki tanınmış şəxsiyyəti – bəstəkar Üzeyir Hacıbəyli və rəssamlıq sənətində Füzulinin nəzmə çəkdiyi nakam eşq mövzusuna daim müraciət edən və bədii üslubu ilə seçilən Səttar Bəhlulzadənin surətləri təsvir edilmişdir.
Təqdim olunan bütün bu əsərlər Azərbaycan mədəni irsinin keçmişlə bu gününün vəhdətini təcəssüm etdirir.
Sərgi 23 may tarixinədək davam edəcək.