Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-da Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olublar.
Muzeyin direktoru Əminə Məlikova qonağa xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verib: “Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası istifadə olunan materialların, toxuma texnikalarının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir. Bu mədəniyyət ocağının “qızıl fondu”nu Azərbaycanın 7 regionunun – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbrizin xovlu və xovsuz xalça nümunələri təşkil edir. Bununla yanaşı, ekspozisiyada digər dekorativ-tətbiqi sənət nümunələri də nümayiş olunur”.
Əminə Məlikova muzeyin kolleksiyaları ilə yanaşı, onun əsas fəaliyyət istiqamətləri, həmçinin Azərbaycan və Türkmənistan xalça muzeylərinin əməkdaşlıq əlaqələri haqqında ətraflı məlumat verib. O, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük səyləri sayəsində milli xalçaçılıq sənətinin 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini xüsusi vurğulayıb.
Muzey ekspozisiyası ilə tanışlıq zamanı Azərbaycan və türkmən xalçalarının oxşar və fərqli cəhətləri, naxışların sakral mənaları, milli adət-ənənələr müzakirə edilib. Qonaq, həmçinin muzeydə xalçatoxuma prosesini izləyib.
Sonda qonağa Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyinə həsr olunmuş kitab hədiyyə olunub. Oquldjaxan Atabayevaya öz növbəsində Milli Xalça Muzeyinə Türkmənistanın ənənəvi “Təkkə” xalçasını bağışlayıb.
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu Oquldjaxan Atabayevada xoş təəssürat yaradıb.