16-20 oktyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində IV Beynəlxalq Tətbiqi Sənət Biennalesi keçirilir.
16-20 oktyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində IV Beynəlxalq Tətbiqi Sənət Biennalesi keçirilir. Özbəkistan Rəssamlıq Akademiyası tərəfindən təşkil olunan tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova beynəlxalq münsiflər heyətinin üzvü qismində iştirak edir. Münsiflər heyətinin digər üzvləri Kamola Akilova (Özbəkistan), Patricia Dal-Pra (Fransa) və Yoshiko Saitodur (Yaponiya).
Leytmotivi “Milli ənənələrin qloballaşması və qorunması: yol seçimi” olan beynəlxalq tədbir çərçivəsində keçirilən konfransda Şirin Məlikova “Azərbaycan xalçası: qədim ənənəyə yeni baxış” mövzusunda çıxış edib. O, Azərbaycan xalça sənəti, onun qorunub saxlanmasının əhəmiyyəti və müasir inkişaf meylləri, yeni unikal, eksklüziv xalçaların yaradılması barədə ətraflı məlumat verib. Elmi-praktiki konfrans iştirakçılarına rəhbərlik etdiyi muzeyin tədqiqat və tədris mərkəzi kimi çoxşaxəli fəaliyyəti, layihələri və s. haqqında danışıb.
İqtisadiyyatın qloballaşdığı və mədəniyyətin kütləviləşdiyi hazırkı dövrdə tətbiqi sənətin qorunması probleminin müzakirə edildiyi biennale çərçivəsində elmi-praktiki konfransla yanaşı, sərgi, ustad dərsləri, və s. də keçirilir.
Biennaledə ölkəmizi rəssam Çingiz Babayev (CHINGIZ) və Əməkdar rəssam İnna Kostina öz əsərləri ilə təmsil edir.