Bu gün ölkəmizdə Zəngilan şəhəri günü kimi qeyd edilir.
Bu gün ölkəmizdə Zəngilan şəhəri günü kimi qeyd edilir. Azərbaycan Milli Xalça Muzeyində bu əlamətdar tarixi gün münasibətilə “Zəfərə açılan yol” adlı növbəti tədbir keçirilib. Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Zəngilan rayonu üzrə nümayəndəliyi və muzeyin Şuşa filialının birgə təşkil etdiyi tədbirdə ilk olaraq Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon üzrə nümayəndəsi Mehman Nəsirov, Azərbaycan Vətən Müharibəsi Veteranları Zəngilan rayon şöbəsinin sədri Azad Musayev çıxış ediblər. Zəngilanın tarixi, milli-mədəni irsi, ziyalıları haqqında danışan natiqlər müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan ordusuna xalqımıza qələbə sevinci yaşatdıqları üçün sonsuz minnətdarlıq duyduqlarını bildiriblər.
Tədbirin bədii hissəsində xanəndə Tural Salmanov “Mən gedirəm Zəngilana” və “Zəfər marşı” mahnılarını ifa edib. Azərbaycan Müəlliflər İctimai Birliyinin üzvü Zeynəb Bağır isə Leyla xanım Əliyevanın “Elegiya” şeirini səsləndirib.
Burada həmçinin Zəngilan şəhərinə həsr olunmuş rəsmlər sərgilənib.
Qonaqlar Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə muzeyimizdə açılmış “Tarixin salnaməsi” sərgisi ilə də tanış olublar.