Muzeyimizdə Qarabağın məşhur “Malıbəyli” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi keçirildi.

Muzeyimizdə Qarabağın məşhur “Malıbəyli” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi keçirildi.

Bu xalçalar əjdahalı xalçalardan bəhrələnməklə yaradılıb və zaman keçdikcə stilizasiyaya uğrayıb. Təqdim olunan xalçanın ara sahəsində şaquli istiqamət üzrə yerləşən göllərin üzərində əjdahanı xatırladan “bulud” təsviri verilib. Bu XIII-XIV əsrlər Azərbaycan incəsənətində geniş yayılmış uyğur türklərinə məxsus dekorativ elementləri xatırladır.

Özünəməxsus rəng çalarları və naxışları ilə seçilən Şuşa qrupuna aid bu dəyərli sənət nümunəsi muzeyimizin kolleksiyasında qorunan xalçanın replikasıdır. XX əsrin əvvəllərinə aid orijinal bədii xüsusiyyətə malik “Malıbəyli” xalçasının yeni nümunəsi muzeyimizin Ənənəvi texnologiya şöbəsinin toxucusu Gülxar Soltanova tərəfindən 6 ay müddətində toxunub.