Belarus Respublikasının Minsk və Nesvij şəhərlərində 9-10 noyabr tarixlərində “MDB-də muzey təşəbbüsləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Belarus Respublikasının Minsk və Nesvij şəhərlərində 9-10 noyabr tarixlərində “MDB-də muzey təşəbbüsləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda Azərbaycan Milli Xalça Muzeyinin Elmi-tədqiqat və milli irsin qorunub saxlanılması şöbəsinin müdiri Aytən Əhmədovanın “Azərbaycan Milli Xalça Muzeyi - milli irsin mühafizəçisi”, Uşaq şöbəsinin müdiri Nəzrin Şirinovanın “Sehrli xalça dünyasını kəşf et – Azərbaycan Milli Xalça Muzeyinin uşaq proqramları” adlı məruzələri dinlənilib. Burada muzeyin Uşaq şöbəsinin böyük elmi işçisi Təranə Əliyeva tərəfindən keçirilən ustad dərslərinə ​ konfrans ​ iştirakçıları, o cümlədən muzey rəhbərləri tərəfindən böyük maraq göstərilib.​

Belarus, Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstanın aparıcı muzeylərinin rəhbərlərinin və mütəxəssislərinin qatıldığı konfransın sessiyalarında “Tarixi-mədəni irsin qorunması və təbliği sahəsində muzeylərin fəaliyyəti”, “Muzeylərin mədəni-maarif işi”, “Müasir muzey fəaliyyətində ənənələr və yeniliklər”, “Axtarışdan təqdimata: muzey tədqiqatları” və s. mövzular üzrə çıxışlar dinlənilib, müzakirələr aparılıb.

Belarusun Mədəniyyət Nazirliyi, MDB İcraiyyə Komitəsi, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi, “Nesvij” Milli Mədəni-Tarix Qoruq Muzeyinin təşkilatçılığı ilə baş tutan beynəlxalq tədbiri mütəxəssislər MDB ölkələrinin muzeyləri arasında fəal əməkdaşlıq əlaqələrinin yaranması və inkişafı baxımından yüksək qiymətləndiriblər.