9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin sonuncu günündə muzeyimizin yeni nəşrinin - “Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından xalça məmulatları” kitabının təqdimatı keçirildi.

9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin sonuncu günündə muzeyimizin yeni nəşrinin - “Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından xalça məmulatları” kitabının təqdimatı keçirildi.

Kitabda xalqımızın məişətində geniş istifadə olunan və kolleksiyamızda qorunub saxlanılan çul, məfrəş, xurcun, heybə, çuval, dəstərxan kimi müxtəlif xalça məmulatlarının istifadəsi haqqında məlumatlar, onlarla bağlı bədii və texniki analiz, tarixi faktlar yer alıb. 200 səhifədən ibarət, Azərbaycan-ingilis və Azərbaycan-rus dillərində hazırlanan kitabda bu növ məmulatların məişətdə istifadəsini göstərən arxiv şəkilləri və kolleksiyamızda yer alan eksponatların fotoşəkilləri də təqdim edilib.

Azərbaycanda indiyədək xalça məmulatlarına həsr olunmuş xüsusi kitabın çap edilmədiyini nəzərə alsaq, nəfis nəşri milli irsimizin qorunub saxlanılması və təbliğatı işinə mühüm töhfə, tədqiqatçılar üçün isə faydalı mənbə kimi dəyərləndirə bilərik.

Layihənin rəhbəri Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, müəlliflər Əməkdar rəssam, dosent Məmmədhüseyn Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Əhmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanovadır.

Qeyd edək ki, kitabı muzeyimizin kitabxanasında oxuya və ya satış şöbəsindən ala bilərsiniz.