Əməkdar incəsənət xadimi, professor Kübra Əliyevanın kitablarının təqdimatı keçirildi

Azərbaycan Milli Xalça Muzeyində sənətşünaslıq üzrə elmlər doktoru, professor, Əməkdar incəsənət xadimi Kübra Əliyevanın 50 ildən artıq müddətdə zəngin elmi fəaliyyət, böyük zəhmət hesabına ərsəyə gətirdiyi kitabların təqdimatı keçirildi.

Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, muzeyin keçmiş rəhbəri, professor Röya Tağıyeva, akademik Nərgiz Axundova, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi Telman İbrahimov, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri Fariz Xəlilli çıxış edərək dəyərli mütəxəssis Kübra Əliyevanın həyatı, keçdiyi zəngin yaradıcılıq yolu barədə məlumat verdilər.

Qeyd edək ki, Kübra Əliyeva Azərbaycanın tanınmış xalçaçı-alimi Lətif Kərimovun, eyni zamanda Azərbaycanın dekorativ-tətbiqi sənətinin tədqiqatçısı, akademik Rasim Əfəndiyevin tələbəsidir. O, uzun illər Azərbaycanın bölgələrini gəzərək dekorativ-tətbiqi sənəti növlərinə, o cümlədən xalça sənətinə aid zəngin materiallar toplayıb və onların əsasında “Azərbaycanın xovsuz xalçaları”, “Təbriz xalçaçılıq məktəbi”, “Lətif Kərimovun həyat və yaradıcılığı”, “Ornament tarixi”, “Azərbaycanın xovsuz toxunuşlu məişət əşyaları”, “Xalq rəssamı Kamil Əliyevin yaradıcılığı”, “Azərbaycan ərazisindəki talışların həsirtoxuma sənəti”, “Azərbaycanın Qarabağ xalçaçılıq məktəbi” və s. kimi kitabları yazıb. Kübra Əliyevanın 50-yə yaxın məqaləsi İngiltərə, Fransa, Avstriya, İsrail, Polşa, Almaniya, Türkiyə, Amerika, İspaniya, Rusiya və s. ölkələrdə keçirilən elmi konfrans və simpoziumlarda dinlənilib, çap edilib. Professor 500-dən artıq elmi məqalənin müəllifidir.

Milli irsimizin yorulmaz tədqiqatçısı və təbliğatçısı olan Kübra xanım 50 ilə qədər AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda fəaliyyət göstərib. O, 40 ildən artıq müddətdə müəllim kimi çalışıaraq yüzlərlə yüksək ixtisaslı kadrlar hazırlayıb.