Beynəlxalq Muzeylər Şurasının (ICOM) Təhsil və Mədəni fəaliyyət üzrə Beynəlxalq Komitəsinin “Muzeylər: təhsilin gələcəyinin formalaşdırılması” mövzusunda illik konfransı keçirilib.
20-24 noyabr tarixlərində Sinqapurda Asiya Sivilizasiyaları Muzeyində Beynəlxalq Muzeylər Şurasının (ICOM) Təhsil və Mədəni fəaliyyət üzrə Beynəlxalq Komitəsinin “Muzeylər: təhsilin gələcəyinin formalaşdırılması” mövzusunda illik konfransı keçirilib.
Azərbaycan Milli Xalça Muzeyinin baş mütəxəssisi Rəma Zeynalova konfransda “Azərbaycan Milli Xalça Muzeyində uşaqların interaktiv təcrübəsi” adlı məruzə ilə çıxış edib. O, təmsil etdiyi muzeyinin fəaliyyəti, xüsusilə uşaqlar üçün burada həyata keçirilmiş “Nənəmin sandığından fashion show”, “Təbiətin səsi sən ol!”, Öz xalçanı yarat! kimi interaktiv layihələr, səhnələşdirilmiş tamaşalar və onların əhəmiyyəti barədə məlumat verib. R.Zeynalova interaktiv layihələrin uşaqların dünyanı incəsənət vasitəsilə dərk etmələrinə, onların qavrama, həmçinin yaradıcılıq qabiliyyətlərinin inkişafına və s. kömək etdiyini vurğulayıb.
R. Zeynalova konfrans çərçivəsində keçirilən “workshop” və mədəni proqramlara da qatılıb.
Qeyd edək ki, Rəma Zeynalovanın konfransda iştirakı üçün Britaniya muzeyi Beynəlxalq təlim proqramı maddi dəstək göstərib. Konfransda Azərbaycan, Böyük Britaniya, ABŞ, Sinqapur, Fransa, Finlandiya, Kanada, Estoniya, Hindistan, İndoneziya, Cənubi Koreya, Yaponiya, Portuqaliya, Belçika, Niderland, İtaliya və digər ölkələrdən nümayəndələr iştirak edib.