Bu gün Azərbaycan tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq, mərdlik və qürur səhifəsi kimi yazılan 1990-cı ilin 20 Yanvar hadisələrindən otuz dörd il ötür.
Bu gün Azərbaycan tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq, mərdlik və qürur səhifəsi kimi yazılan 1990-cı ilin 20 Yanvar hadisələrindən otuz dörd il ötür.
Azərbaycan Milli Xalça Muzeyinin kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanına gələrək dövlətimizin suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsini yad ediblər.
Həmçinin muzeydə 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib. Azərbaycan Milli Xalça Muzeyi ilə Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin birgə təşkilatçlığı ilə baş tutan tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, həmin dövrdə baş verən hadisələrin şahidləri öz xatirələrini bölüşüblər. Burada kollec tələbələrinin əl işlərindən ibarət sərgi nümayiş edilib, onların ifasında şəhidlərimizə həsr olunan musiqilər səsləndirilib.
19-20 yanvar tarixlərində muzeyin foyesində 1990-cı il 20 Yanvar hadisələrini lentə alan kino işçilərinin fədakarlığından bəhs edən, ssenari müəllifi Xalq artisti Ramiz Fətəliyev, rejissoru Nizami Abbas olan “Silahdaşlar” sənədli filmi göstərilib. Ekran əsərinə muzeyin kollektivi də birgə tamaşa edib.