Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunacaq

Mayın 18-də Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə bir sıra tədbirlər keçiriləcək.

Saat 11:00-dan 19:00-dək “Açıq qapı” aksiyası və Azərbaycan dilində ödənişsiz ekskursiyalar olacaq.

Bununla yanaşı, dahi şair Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Sənətdə bənzərsiz eşq” sərgisi açılacaq. Sərgidə Xalq rəssamlarından Lətif Kərimovun “Füzuli” (1973), “Şəbi-hicran” (1976), Eldar Mikayılzadənin “Şəbi-hicran” (1983), “Leyli və Məcnun” (2013), Aydın Rəcəbovun “Füzuli dünyası”, sənətşünaslıq üzrə elmlər namizədi Cəfər Mücirinin “Füzuli” (1975), rəssam Gülmurad Bəbirovun “Füzuli” (1987) xalçaları nümayiş etdiriləcək. Ekspozisiyada Xalq rəssamı Kamil Əliyevə aid “Füzuli” (1958) xalçasının eskizi, Rafiq Qəmbərovun “Füzuli” dekorativ pannosu, həmçinin ilk dəfə olaraq görkəmli sənətkar Lətif Kərimovun Füzuliyə dair kitablara çəkdiyi bədii tərtibatlardan elementlər yer alacaq. Dahi şairin zəngin irsinin təcəssümü olan bu sənət nümunələri Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasındandır. Sərgi mayın 30-dək davam edəcək.

Muzeyin balaca dostları üçün Uşaq şöbəsinin əməkdaşları tərəfindən hazırlanan “Leyli və Məcnun” kölgə teatr tamaşasının premyerası (saat 12:00, 14:00, 16:00, 18:00), eyni zamanda ustad dərsləri keçiriləcək.

Odur ki, hər birinizi 18 May – Beynəlxalq Muzeylər Günündə Azərbaycan Milli Xalça Muzeyində gözləyirik.