ABŞ-ın Uilyam Paterson Universitetinin incəsənət tarixi üzrə professoru He Zhang Azərbaycan Milli Xalça Muzeyində tədqiqat işlərinə başlayıb.
ABŞ-ın Uilyam Paterson Universitetinin incəsənət tarixi üzrə professoru He Zhang Azərbaycan Milli Xalça Muzeyində tədqiqat işlərinə başlayıb. Mütəxəssis 3 ay müddətində muzeyin zəngin kolleksiyasında qorunan XVII-XX əsrlərə aid xalça nümunələrini araşdıracaq. Professor He Zhang Mərkəzi Asiya, Qərbi Çin, Sibir, eləcə də Türkiyə və Mesopotamiyadakı digər türk xalçaları ilə Azərbaycana aid xalçaların müqayisəli təhlilini aparacaq, onların daşıdığı əsas tarixi məlumatları, ortaq və fərqli ənənələrlə bağlı dəlilləri ortaya çıxarmağa çalışacaq.
Milli Xalça Muzeyində olduğu müddət ərzində professor He Zhang öz tədqiqat sahəsinə uyğun müxtəlif mövzularda maraqlı elmi mühazirələr də təqdim edəcək. Bununla bağlı məlumatları yaxın günlərdə sizinlə paylaşacağıq. Odur ki, bir-birindən maraqlı mühazirələrə qatılmaq üçün bizi izləməyi unutmayın.