Oktyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində “Erkən tarix – Təkləməkan və Orta Asiya xalçaları e.ə. 700-cü ildən 700-cü ilə qədər” adlı mühazirə keçirilib.
Mühazirə ABŞ-ın Uilyam Paterson Universitetinin incəsənət tarixi üzrə professor, Fulbright təqaüdçüsü He Zhang tərəfindən təqdim olunub. Burada Çinin Sincan əyalətindəki Təkləmakan səhrasında və Əfqanıstanda tam və parçalanmış halda tapılmış qədim xalçalar barədə ətraflı məlumat verib. İştirakçılar həmçinin Sincan və Orta Asiyada VII-XIII əsrlərə aid mağara divar rəsmlərində, əlyazma kitablarda təsvir edilən xalçalar barədə maraqlı faktlarla tanış olublar. Mühazirədə Böyük İpək Yolu vasitəsilə gözəl tərtibatlı xalçaların ticarətinin digər mədəniyyətlərə təsirləri, bədii ideyaların yayılmasında rolundan da söhbət açılıb.
Professor He Zhang sonda mühazirə iştirakçılarını maraqlandıran sualları cavablandırıb.