Azərbaycan Milli Xalça Muzeyinin əməkdaşları Moskvada Ümumrusiya Dekorativ Sənət Muzeyində böyüklər və uşaqlar, fiziki məhdudiyyətli insanlar üçün təşkil olunan tədris proqramları üzrə treninqdə iştirak ediblər.
Azərbaycan Milli Xalça Muzeyinin əməkdaşları Moskvada Ümumrusiya Dekorativ Sənət Muzeyində böyüklər və uşaqlar, fiziki məhdudiyyətli insanlar üçün təşkil olunan tədris proqramları üzrə treninqdə iştirak ediblər.
Onlar muzeyin ənənəvi dekorativ-tətbiqi sənət üzrə emalatxanalarında keçirilən tematik ustad dərsləri, kurslar, həmçinin moda və dizayn mərkəzi ilə tanış olublar. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, “Uşaq muzeyi”nin əməkdaşları Fidan Əliyeva, Təranə Əliyeva, Fatimə Əsgərova rusiyalı həmkarları ilə fikir mübadiləsi aparıblar, gələcək qarşılıqlı əməkdaşlıqla bağlı təkliflər irəli sürüblər. Birgə əməkdaşlıq çərçivəsində yaxın gələcəkdə Azərbaycan Milli Xalça Muzeyində yeni tədris proqramlarının həyata keçirilməsi ilə bağlı razılığa gəlinib.
Mütəxəssislərimiz Ümumrusiya Dekorativ Sənət Muzeyində xalça və lak miniatürü sənətinə həsr edilən sərgilər, bu tədbirlər çərçivəsində keçirilən tədris proqramları ilə də tanış olublar. Treninq başa çatdıqdan sonra muzeyimizin əməkdaşlarına sertifikatlar verilib.
Xatırladaq ki, Azərbaycan Milli Xalça Muzeyi 2016-cı ildən Ümumrusiya Dekorativ Sənət Muzeyi ilə sıx əməkdaşlıq edir, birgə elmi-praktiki konfranslar, mübadilə sərgiləri keçirir.