Azərbaycan Milli Xalça Muzeyinin direktoru Macarıstanda beynəlxalq tədbirdə iştirak edib
4-5 aprel tarixlərində Macarıstanın paytaxtı Budapeştdə xalqların milli adət-ənənələrinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində rəqəmsal təhsil və innovasiyanın əhəmiyyətinə həsr olunmuş beynəlxalq tədbir keçirilib. Macarıstan İrs Evinin (Hungarian Heritage House) təşkil etdiyi tədbir çərçivəsində yeni yaradılmış “Folk_ME” kontentinin və “Craft_ME” tədris platformasının təqdimatı keçirilib, eyni zamanda 13 ölkədən nümayəndənin müxtəlif mövzularda çıxışları dinlənilib.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova “Azərbaycan Milli Xalça Muzeyi: qədim sənətin müasir məkanı” adlı məruzə ilə çıxış edib.
Əminə Məlikova səfər çərçivəsində Macarıstan İrsi Evinin baş direktoru Miklosh Both, həmçinin Budapeşt Tətbiqi Sənət Muzeyi və Dövlət Bərpa Mərkəzinin rəhbərləri ilə görüşlər keçirib. Onlar əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və gələcək birgə layihələr haqqında müzakirələr aparıblar.