Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialına növbəti dəyərli hədiyyə təqdim olunub.
Nübar Həsənalıyeva ailəsi üçün böyük mənəvi əhəmiyyət daşıyan, anası Həvva İsmayılovanın 1960-70-ci illərdə Cəbrayılın Çullu kəndində toxuduğu “Bağçada güllər” xalçasını Şuşa filialına bağışlayıb.
“Torpaqlarımız azad olunsa, bu xalçanı Şuşa filialına bağışlayacağam”, – deyə illər öncə verdiyi verdiyi vədi yerinə yetirən Nübar xanım bu anı böyük sevinc və qürurla yaşadığını bildirib.
Xalçanın qara fonlu ara sahəsində qızılgül dəstələri və tutuquşular təsvir olunub. Ara sahəni əhatə edən ana haşiyə zolağında da incəliklə işlənmiş güllər yer alır.
Bu sənət nümunəsi təkcə toxuculuq bacarığının deyil, həm də sədaqətin, arzuların və Vətən sevgisinin rəmzidir.
İndi onun yeni ünvanı Şuşadır.