Bu gün muzeyimizdə İtaliyanın tanınmış xalça eksperti, kolleksiyaçı Mirco Cattai və İtaliyanın ölkəmizdəki səfirinin müavini cənab Rikardo Kursi qonaq oldular.
Bu gün muzeyimizdə İtaliyanın tanınmış xalça eksperti, qədim Azərbaycan xalçalarının vurğunu, kolleksiyaçı Mirco Cattai və İtaliyanın ölkəmizdəki səfirinin müavini cənab Rikardo Kursi qonaq oldular. Onlar muzeyin direktoru Əminə Məlikova və kollektivin digər üzvləri ilə görüşərək gələcək əməkdaşlıq, mədəni əlaqələrin genişləndirilməsi istiqamətində maraqlı müzakirələr apardılar, birgə layihə imkanlarını dəyərləndirdilər.
Qonaqlar daimi ekspozisiya, “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” adlı sərgi, həmçinin Fond, Ənənəvi texnologiya, Konservasiya, bərpa və profilaktik nəzarət şöbələri ilə yaxından tanış oldular.
Əminə Məlikova kolleksiyamızın zənginləşməsinə verdiyi tohfəyə görə Mirco Cattaiyə təşəkkürnamə təqdim etdi.
Xatırladaq ki, Mirco Cattai 2018-ci ildə Qubanın XIX əsrə aid nadir “Hacıqayib” xalçasını muzeyimizə bağışlayıb. 2024-cü ildə isə Qazaxın “Şıxlı” və Qarabağın “Bəhmənli” xalçaları ilə kolleksiyamızı zənginləşdirib.