Azərbaycan Milli Xalça Muzeyində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) tərəfindən 18 may – 18 iyun tarixlərinin “İnsan Hüquqları Aylığı” elan olunması ilə əlaqədar Azərbaycan Milli Xalça Muzeyində tədbir keçirilib. Tədbirdə muzeyin Kadrlar şöbəsinin müdiri Könül Nəcəfova Ombudsmanın müraciətini kollektivin diqqətinə çatdırıb. Qeyd edib ki, insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 18 iyun tarixində təsdiq olunmuş ilk “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə strateji fəaliyyətin əsasını qoyub. Bu mühüm sənədə əsaslanaraq, Prezident İlham Əliyevin 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun ölkəmizdə rəsmi olaraq İnsan Hüquqları Günü kimi təsis edilib.
Tədbirdə həmçinin Hüquqi təminat sektorunun müdiri Ellada Bayramova, Elmi katib Xədicə Əsədova və Azərbaycan Milli Xalça Muzeyi Həmkarlar İttifaqı Komitəsinin sədri Azər Abdullayev fundamental hüquq və azadlıqlar, eləcə də ictimai məsuliyyət kəsb edən məsələlərlə bağlı ətraflı məlumat veriblər.
“İnsan Hüquqları Aylığı” çərçivəsində hüquq və azadlıqların təbliği, ictimaiyyətin hüquqi biliklərinin artırılması, insan hüquqları sahəsində mövcud çağırışların müzakirəsi həyata keçirilir.