ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
ADA Universitetində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Dövlət Turizm Agentliyi, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfransda iştirak edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova “UNESCO Konvensiyaları və onların muzeydə əksi” adlı sessiyanın moderatoru olub. Bu sessiyada ICOM-ICME (ICOM Beynəlxalq Etnoqrafik Muzeylər və Kolleksiyalar Komitəsi) rəhbəri Ralf Çeplak Mençin, İstanbul Universitetinin kafedra müdiri Fethi Gedikli, Mərmərə Universitetinin Özəl Hüquq fakültəsinin kafedra müdiri Sibel Özel, Pavlodar Dövlət Pedaqoji Universitetinin “YMAI” Beynəlxalq Araşdırma Laboratoriyasının rəhbəri Tatyana Krupa, Atatürk Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin “İqtisadiyyat” kafedrasının müəllimi Kerem Karabulut kimi tanınmış ekspertlər məruzələrlə çıxış etdilər.
Ş.Məlikova qeyd etdiyi kimi, bu gün dünyada silahlı münaqişələr zamanı hərbi əməliyyatlar nəticəsində unikal qədim abidələrin dağılması baş verir. Buna görə də müasir dövrdə mədəni sərvətlərin qorunması məsələləri çox aktualdır. Xüsusilə də, 30 ilə yaxındır ki, işğal altında olan, beynəlxalq səviyyədə tanınan, Azərbaycanın ayrılmaz ərazisi Qarabağın mədəni irs obyektləri və muzeyləri belə bir aqibətlə üzləşmişdir. Bu dövr ərzində Qarabağda ardıcıl olaraq Azərbaycanın maddi və qeyri-maddi irsi, o cümlədən, mədəniyyət abidələri və 22 müxtəlif profilli muzey kolleksiyaları talan olmuş və ya dağıdılaraq məhv edilmişdir. UNESCO-nun Münaqişələrə Yardım Konvensiyalarına əməl olunması məsələsi hal-hazırda muzey mütəxəssislərinin diqqət mərkəzindədir. Cari siyasi hadisələri nəzərə alaraq, ICOM-un vəzifəsi – muzey işçilərini bu konvensiyalar çərçivəsində bir araya gətirmək, belə mühüm mövzunu qaldırmaq və onun üzərində geniş işləməkdir.