Nizami Kino Mərkəzində Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubileyi çərçivəsində milli mədəni irsimizin təbliği işinə töhfə olan “Tanınmış simalarla virtual tur” filminin təqdimatı keçirildi.
Dekabrın 15-də Nizami Kino Mərkəzində Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubileyi çərçivəsində milli mədəni irsimizin təbliği işinə töhfə olan “Tanınmış simalarla virtual tur” filminin təqdimatı keçirildi.
Ölkəmizdə ilk dəfə Azərbaycan Milli Xalça Muzeyi tərəfindən tanınmış media və incəsənət nümayəndələrinin iştirakı ilə ərsəyə gətirilən filmdə muzeyin tarixi, burada qorunan milli mədəni irs nümunələri və onlarla bağlı maraqlı adət-ənənələrdən bəhs olunur. Filmdə məşhur televiziya aparıcıları Emil Şahzadə, Leyla Quliyeva, Könül Arifqızı, Dəniz Tacəddin, Fariz İlyasov, Tural Əsədov, Şəbnəm Turan və Əməkdar artistlər Nərgiz Kərimova, Dilarə Səlim, Oleq Əmirbəyov muzeyin ekspozisiyasını təqdim edir. “Tanınmış simalarla virtual tur” filminin ssenari müəllifi Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, rejissoru Mübariz Nağıyevdir.
Təqdimat mərasimində yaradıcı heyət çıxış edərək filmdə iştirakları ilə bağlı öz təəsüratları ilə bölüşdülər. Qonaqları salamlayan Ş.Məlikova öz çıxışında “Bu layihəni biz 2020-ci ildən həyata keçirtməyə başladıq. Məhz pandemiya dövründə, insanların nəinki muzeylərdən, ümumiyyətlə bütün mədəniyyət ocaqlarından kənarda qalarkən, biz muzeyimizi daha da əlçatan etdik. İnsanları mədəniyyətə, milli irs nümunəsi olan xalça sənətinə daha da yaxın olması məqsədilə onlayn fəaliyyətimizi gücləndirdik. Və virtual tur ideyası da həmin dönəmdə yarandı. Layihənin ilk hissəsini biz elə 18 may 2020-ci ildə Beynəlxalq muzeylər günü münasibətilə geniş ictimaiyyətə təqdim etmişdik. İnanıram ki, tamamlanmış film milli mədəni irsimizin təbliği işinə növbəti töhfə olacaq. Bu layihə üzərində işlərimiz davam edəcək. Auditoriyamızı daha da genişləndirmək məqsədilə ingilis və rus dillərində də təqdim olunacaq.” vurğuladı.
Qeyd edək ki, muzeyin youtube səhifəsində yerləşdirilən film surdo-tərcümə ilə müşayiət olunur. Bu da respublikamızda muzey işi sahəsində inklüziv proqramların həyata keçirilməsində növbəti uğurlu addımdır.