Afrikanın ölkələrinin UNESCO üzrə Milli komissiyalarının baş katibləri Azərbaycan Milli Xalça Muzeyini ziyarət ediblər

ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutu və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə təlim proqramı keçirilir. Proqrama qatılan Afrikanın 10 ölkəsinin UNESCO üzrə Milli komissiyalarının baş katibləri Azərbaycan Milli Xalça Muzeyini ziyarət ediblər.

Muzeyin direktoru Şirin Məlikova qonaqlar üçün “Mədəniyyətlərarası dialoq və Azərbaycan xalçaçılıq sənəti” mövzusunda çıxış edib.​

O, muzey tərəfindən 28 ölkənin 82 muzeyində saxlanılan 1000-dən artıq Azərbaycan xalçasının elektron bazası haqqında məlumat verib. Belə geniş coğrafiyada yayılmış unikal sənət nümunələri, o cümlədən xalçaçılıq sənətinin inkişaf mərhələləri, istehsal məntəqələri, xüsusi ornament və kompozisiyaları və onların semantik mənası haqqında danışıb. Şirin xanım sonda auditoriyanın suallarını cavablandırıb.

Qonaqlar daha sonra fransız dilində olan audiobələdçi vasitəsilə muzeyin ekspozisiyası ilə tanış olublar.