Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının açılışı

Bu gün adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılan dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini xalqımız xüsusi təntənə ilə qeyd edir. Bizim üçün böyük xoşbəxtlikdir ki, məhz belə bir önəmli gündə muzeyimizin Şuşa filialının fəaliyyəti bərpa edildi. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak etdilər, muzeydə sərgilənən eksponatlar və sənət əsərləri ilə tanış oldular. Burada mədəniyyət paytaxtımız Şuşaya həsr olunmuş “Müqəddəs sənət beşiyimiz” adlı, Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunmuş xalçanın qədim ənənələrə uyğun dəzgahdan kəsimi mərasimi də keçirildi.
Qeyd edək ki, Şuşa filialı 19 may 1987-ci il tarixindən etibarən Şuşa şəhərində XIX əsrin tarixi-memarlıq abidəsi sayılan Mehmandarovların malikanəsində fəaliyyətə başlamışdı.
Hazırda filialın ekspozisiyasında əsasən XVIII-XX əsrlərə aid 1992-ci ilin 29 fevral tarixində təxliyə olunmuş eksponatlar, son illər filialın kolleksiyasına daxil edilən dəyərli xalçalar sərgilənir. Burada ümumilikdə 115 ədəd xovlu və xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri yenidən nümayiş olunur.