Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova “Qoyunçuluğun problemləri. Yun istehsalı, emalı və marketinqi” adlı elmi-praktik konfransa qatılıb.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova “Qoyunçuluğun problemləri. Yun istehsalı, emalı və marketinqi” adlı elmi-praktik konfransa qatılıb.
Kənd Təsərrüfatı Nazirliyi, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Türkiyənin Selçuk Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Şirin xanım “Azərbaycan xalçaçılığının inkişafında yerli qoyun cinslərinin rolu” mövzusunda məruzə ilə çıxış edib.
O, rəhbərlik etdiyi muzeyin kolleksiyasında qorunub saxlanan xalça nümunələrinin toxunduğu materialın əhəmiyyətini və rolunu diqqətə çatdırıb. Azərbaycan toxuculuğunda ənənəvi olaraq yerli qoyun cinslərinin yunundan istifadə edildiyini vurğulayıb. Ş.Məlikova xalçanın keyfiyyətinin ilk növbədə xammaldan və onun mənşəyindən asılı olduğunu bildirib. Bu baxımdan yerli xammal bazasının dirçəldilməsinin “Azərbaycan xalçası” anlayışının təbliğində mühüm rol oynayacağını deyib. Direktor 2020-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Milli Xalça Muzeyində “Boyanmamış yundan xalçatoxuma” adlı önəmli layihənin həyata keçirildiyini qeyd edib. Bu uğurlu layihənin istər xammal bazasının dirçəldilməsi və davamlı inkişaf, istərsə də ənənənin qorunması baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Elmi-praktik konfransda Göy-göl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, “Azərxalça” ASC-nin istehsalat üzrə direktoru Əlisəfa Nuriyev, Selçuk Universitetinin Baytarlıq fakültəsinin dosenti Esad Sami Polad çıxış ediblər.
Konfransın yekununda iştirakçılar Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun həyətində təşkil edilmiş sərgidə yundan hazırlanan keratinə, kosmetik vasitələrə, müxtəlif yun məmulatlarına, eyni zamanda institutun Yardımçı Təcrübə Təsərrüfatında saxlanılan yerli və xarici cins qoyunlara baxış keçiriblər.