Tbilisi şəhərində “Gürcüstan Milli Muzeyində saxlanılan Qacar rəssamlığının ixtisaslararası tədqiqatı” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.
25-26 oktyabr tarixlərində Tbilisi şəhərində “Gürcüstan Milli Muzeyində saxlanılan Qacar rəssamlığının ixtisaslararası tədqiqatı” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova “Şəki Xan Sarayının memarlığı və rəssamlıq əsərləri haqqında bəzi qeydlər” mövzusunda məruzə ilə çıxış edib. Şirin xanım UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olmuş Şəki Xan Sarayının tarixi, onun interyer rəsmləri barədə ətraflı məlumat verib.
XVIII əsrə aid tarixi abidənin rəsmlərinin bir hissəsini təşkil edən ov və döyüş səhnələrinin Qacar rəngkarlıq üslubuna xas realist sənətin bədii prinsiplərinə uyğun işləndiyini diqqətə çatdırıb. Qeyd edib ki, bunlar real həyatdan götürülmüş süjet müxtəlifliyi ilə seçilən tarixi səhnələr olduğu üçün böyük maraq doğurur. Sarayın interyerindəki rəsmlərin tarixi hadisələri, faktları, habelə bir sıra detalları, məsələn, dövrə və bölgəyə aid milli geyim növlərini öyrənmək baxımından qiymətli mənbə olduğunu vurğulayıb. Şirin xanım rəsmlərdə təsvir edilən silah və geyimlərin bir çoxunun hazırda Azərbaycan muzeylərində qorunub saxlanıldığını və abidənin tədqiqi kontekstində onların araşdırılmasının vacibliyini də diqqətə çatdırıb.
Beynəlxalq tədbirdə Böyük Britaniyanın Viktoriya və Albert Muzeyi, ABŞ-nın Metropoliten İncəsənət Muzeyi, Gürcüstanın Milli Muzeyi və Macarıstanın Eotvos Lorand Universitetinin bu sahə üzrə tədqiqatçıları, həmçinin müstəqil ekspertlər məruzələrlə çıxış ediblər.
Dəyirmi masa çərçivəsində “Gürcüstan Milli Muzeyinin kolleksiyasından Qacar dövrü yağlı boya rəsmləri” sərgisi açılıb. Həmçinin azərbaycanlıların kompakt şəkildə yaşadığı Dmanisi bölgəsinin Kosalar kəndinə səfər təşkil olunub və burada qonaqlara məşhur “Borçalı” xalçalarının toxunma prosesi nümayiş etdirilib.