Azərbaycan Milli Xalça Muzeyində “Tikmə sənəti” adlı beynəlxalq elmi konfrans keçirilir

Oktyabrın 16-da Azərbaycan Milli Xalça Muzeyində “Tikmə sənəti” adlı beynəlxalq elmi konfrans işinə başlayıb. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun dəstəyi ilə keçirilir.
Konfransı Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova açaraq, qonaqlara muzeyin tarixi və fəaliyyəti barədə qısa məlumat verib. O, hazırda dünyada dekorativ-tətbiqi sənətin bədii tikmə növünü yaşadan rəssam və sənətkarlarla yanaşı, bu sahədə tədqiqatlar aparan alim və mütəxəssislərin, həmçinin Azərbaycan Milli Xalça Muzeyi kimi ixtisaslaşmış mədəniyyət müəssisələrinin fəaliyyət göstərdiyini bildirib. Beynəlxalq elmi konfransın əsas məqsədinin də dünya xalqlarının ortaq mirası olan tikmələrlə bağlı tədqiqat işlərini genişləndirmək, bilikləri təkmilləşdirmək, faydalı fikir və təcrübə mübadiləsi aparmaq olduğunu diqqətə çatdırıb.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov qədim irsin yaşadılması və gələcək nəsillərə ötürülməsində muzeylərin mühüm rolunu vurğulayıb. Bu cür beynəlxalq tədbirlərin ölkələr arasında mədəni əlaqələri daha da gücləndirdiyini, maraqlı birgə layihələrin həyata keçirilməsi üçün yeni ideyaların yaranmasına, təkliflərin irəli sürülməsinə vəsilə olduğunu bildirib.
Sonra konfrans Özbəkistan Təsviri İncəsənət Qalereyasının direktoru, professor Kamola Akilovanın və Azərbaycan Milli Xalça Muzeyinin elmi katibi Xədicə Əsədovanın moderatorluğu ilə “Dünya xalqlarının bədii tikmə ənənələri” və “Müxtəlif ölkələrin yerli tikmə məktəbləri” mövzusunda sessiyalarla işini davam etdirib.
Konfrans çərçivəsində iştirakçılara Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına yeni daxil olan Qarabağın XVII əsrin sonu - XVIII əsrin əvvəlinə aid iki ədəd bədii tikmə nümunəsi də təqdim olunub.
Azərbaycan, Belarus, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan tədqiqatçıların qatıldığı konfrans oktyabrın 18-dək davam edəcək. Akademik sessiyalarda “Tikmə ənənəvi geyim bəzəyi kimi”, “Tikmələrin bərpa və konservasiyası”, “Tikmə sənəti müasirlik kontekstində” kimi mövzular müzakirə olunacaq.